Kaxaber Sxadadze: “Bu gün 6:0 hesabı ilə qalib gəlməli idik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 35-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gürcü mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Komanda aşağı dəstəyə düşsə də, onlar peşəkar kimi ürəklə mübarizə aparırlar, yaxşı futbol göstərirlər. Bu gün böyük hesabla qalib gəlməli idik. Çox sayda yüz faizlik qol imkanlarından yararlana bilmədik. Yaxşı oyun göstərməklə lazım olan nəticəni qazandıq. Əminəm ki, Premyer Liqada qalsaydıq, növbəti mövsümdə yüksək yerlər üçün mübarizə aparardıq. Çox sayda fərdi səhvlər edirdik. Bu xətalar azaldıqdan sonra qalib gəlməyə başlamışıq. Daha çox çalışmalıyıq. Bu gün 6:0 hesabı ilə qalib gəlməli idik. Təkbətək çıxanda qol vura bilmirsənsə, fərdi çatışmazlıq var. Əvvəlki görüşlərin çoxunda yaxşı oynamışıq. Əvvəl 5 imkanı qaçırırdıqsa, bu dəfə 8 epizoddan ikisindən yararlandıq. Ən vacib olan müdafiədə səhv etməməkdir. Arxa xətdə xətalar azaldıqda nəticə də olur”.

Kaxaber Sxadadze “Qəbələ”nin elitanı tərk etməsindən sonra futbolçuların daha yaxşı oynamasının onların özlərini digər klublara göstərməyə çalışması ilə bağlı fikirlərə də münasibət bildirib:

“Hər fikri səsləndirə bilərik. Amma fakt birdir, komanda Premyer Liqanı tərk edib. Hər futbolçu özünü də fikirləşməlidir. Buna normal baxıram. Amma bunun pis tərəfi də var ki, oyunçu gərginlik zamanı yaxşı performans göstərə bilmir. Gərginlik azalandan sonra isə daha yaxşı çıxış edir. Futbolda hər zaman gərginlik olur. Bunun öhdəsindən gəlməlisən”.

“Komandada qalsam, bəzi futbolçularla yollarımızı ayıracağıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Ən zəif oyunlarımızdan biri idi. Komandada qalsam, bəzi futbolçularla davam edəcəyik, bəziləri ilə yollarımızı ayıracağıq. “Qəbələ”ni təbrik edirəm. Burada olmaq xoş idi. İnanıram ki, onlar yenidən Premyer Liqaya qayıdacaq. Bir oyunumuz qalıb. Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik”.

“Qəbələ”nin sabiq baş məşqçisi keçmiş komandasından da söz açıb: “Özümü Qəbələdə rəqib, qonaq kimi hiss etmədim. Mən məşqçi kimi burada formalaşmışam. “Qəbələ” Azərbaycan futbolu üçün dəyərlidir. Klubun yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, “Qəbələ” yenə əvvəlki ad-sanını bərpa edəcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: