Gürcüstanlı futbol mütəxəssisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”nin baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalmış posta gürcü mütəxəssis təyin edilib. 55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.
Sxadadze futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tiflis, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tiflis, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edib. O, MDB (1992) və Gürcüstan (1991-1998) milli komandalarının formasını geyinib. Kaxa 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.
Təcrübəli mütəxəssis daha öncə Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) də baş məşqçisi olub. O, məşqçilik karyerasına 2001-2002-ci illərdə Tiflis “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Sxadadze sonradan vətənində “Dinamo” (Tiflis, 2005-2006, 2021-2022), “Sioni” (2006-2007), Qazaxıstanda “Kayrat” (2016-2017), “Ordabası” (2018-2020), “Kaspi” (2022-2023) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-2016) millisində baş məşqçi olub.
Onun rəhbərlik etdiyi komandalar 2004/2005 və 2005/2006 mövsümlərində Gürcüstan, 2009/2010 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Super Kubokunun qalibi olub.
Sxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. Çixradze də vaxtilə Azərbaycanda çalışıb. O, 2011-2015-ci illər aralığında ölkəmizdə “Simurq”un baş məşqçisi olub.



