Premyer Liqanın 2026/2027-ci illər mövsümünə də uğursuz start vermiş “Qəbələ” baş məşqçiso Kaxaber Sxadadze ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Sxadadzeyə komandadakı fəaliyyətinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edilib ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.
Xatırladaq ki, Kaxaber Sxadadze 2024-cü ilin fevralından “Qəbələ”yə rəhbərlik edirdi. 57 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 56 oyuna çıxarıb, cəmi 13 qələbə qazanıb, 10 heç-heçə edib, 33 (!) məğlubiyyətə üzülüb.
Sxadadze daha öncə də Azərbaycanda çalışıb. O, vaxtilə “Standard” (Bakı) və “İnter” (Bakı) komandalarına rəhbərlik edib. Gürcü mütəxəssisin çalışdırdığı komandalar arasında “Lokomotiv” (Tiflis), “Dinamo” (Tiflis), “Sioni” (Bolnisi), “Kayrat”, “Ordabası”, “Kaspi” (Aktau) kimi klublar da var. O, həmçinin Gürcüstanın U-21 və əsas yığmalarında da çalışıb.


