Kaxaber Sxadadze: “Yüzfaizlik epizodlarda qol vura bilmirik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 27-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gürcü mütəxəssis 1:1 hesabıyla yekunlaşan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna pis başladıq, top itkiləri çox idi. İlk yarıda ümumiyyətlə ötürmə səhvləri çox oldu. İlk 10 dəqiqədə əsəbilik də hiss edilirdi. Sonradan oyunumuzu qaydasına sala bildik, hücumda kombinasiyalı oynadıq. Amma qol buraxdıq. İkinci hissədə oyunumuz alınmağa başladı. Rəqib azlıqda qalandan sonra üstünlüyə yiyələndik. Çoxsaylı imkanlar yaratsaq da, istifadə edə bilmədik”.

Kaxaber Sxadadze futbolçuların qol şanslarını boşa verməsindən gileylənib:

“Belə matçlarda mütləq qalıb gəlməliyik. Sonuncu yerdə olduğumuz üçün futbolçularda əsəbilik var, təzyiq böyükdür. Amma texniki ustalıq üzərində çox çalışmalıyıq. 5-7 metrdən qol vurmamaq çox pisdir. Oyunun məzmunu, hərəkətlilik baxımdan iradım yoxdur. Hücumların sonluğu alınmır. 5-6 qol imkanımız oldu. Yüzfaizlik epizodlarda qol vura bilmirik”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə heç-heçəyə belə şərh verib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər oyun yaxşı gedirdi. Futbolda belə şeylər olur. 3 xal qazana bilmədiyimiz üçün təəssüflənirəm. 3 xal bizim üçün çox vacib idi. “Qəbələ”yə uğurlar arzulayıram.

32 xalımız var. Yuxarıdan 8 xal geridəyik. Hər an hər şey dəyişə bilər. Qarşıda 9 oyun var.

Eyni oyunçu həm qırmızı vərəqədə, həm də qolda rol oynadı. Futbolçuya çox söz demək onu daha da sındırmaqdır. Yaddan çıxarmaq lazımdır. Kim istəyər ki, səhv etsin? Kim deyərdi ki, azlıqda qalacağıq, qapımızda özümüz qol epizodu yaradacağıq? Futbolun yazılmamış qanunları var. Hər an hər şey ola bilər. İki qələbədən sonra ilk 3-lükdə ola bilərsən. Əlimizdə olan materiala uyğun hərəkət edirik. Pis futbol oynamırıq. Heyətimiz elə də geniş deyil. Bu gün hər kəs bizim üçün əsas heyətin oyunçusudur. Məhəmməd Kadiri bu gün dəqiq deyil, sabah dəqiq ola bilər. Dua edək ki, növbəti oyunlarda qol vurar”.