Kayl Larin də “Beşiktaş”dan ayrıldı

Futbol üzrə Kanada yığmasının hücumçusu Kayl Larin Türkiyənin “Beşiktaş” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı forvard bu barədə sosial media hesabında paylaşım edib.

O, vida paylaşımında bunları qeyd edib: “Bərabər bir çox şeyi bacardıq. Pis günlərdən birlik olaraq çıxmağı bacarıb, kuboklar qaldırdıq. Bu anları “Beşiktaş” ailəsi ilə paylaşmaq mənim üçün böyük bir qürur idi. Təəssüf ki, indi vida zamanıdır. “Beşiktaş” forması geyindiyim müddət ərzində göstərdiyiniz dəstəyə görə hər birinizə minnətdaram. Sizi bütün qəlbimlə sevirəm”.

Larinin “Beşiktaş”dan ayrılmasına klubla müqaviləsinin bitməsi səbəb olub. Tərəflər yeni müqavilə bağlamaqda maraqlı olmadıqları üçün, yollarını ayırıblar. İstanbul klubunun da tezliklə Larinlə bağlı vida açıqlaması yayması gözlənilir. Ötən gün “qara-qartallar” braziliyalı yarımmüdafiəçi Aleks Teyşeyra ilə də yollarını ayırdıqlarını açıqlamışdılar. Lakin Aleks Kayldan fərqli, klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdiyi üçün komandadan ayrılıb.

Xatırladaq ki, Kayl Larin 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi dörd mövsüm ərzində 108 oyuna çıxıb, 39 qola imza atıb. Kanadalı oyunçu 2019/20 mövsümündə Belçikanın “Sulte Varegem” klubuna icarəyə də verilmişdi. Forvardın oynadığı komandalar arasında “Siqma” (Kanada, 2014) və “Orlando Siti” (ABŞ, 2015-2017) da var.