“Malyorka” heyətini 3 yeni futbolçu – yarımmüdafiəçilər Samuel Kosta, Serci Darder və hücumçu Kayl Larin ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Serci Darder 8 milyon avro qarşılığında “Espanyol”dan “Malyorka”ya keçib. 29 yaşlı ispan futbolçu ilə 5 illik müqavilə imzalanb.
Mərkəz yarımmüdafiəçisi 2017-ci ildən formasıın geyindiyi “Espanyol”da 245 matça çıxıb, 25 qol və 25 assistlə yadda qalıb. O, ölkəsində “Malaqa”nın, Fransada Lion “Olimpik”inin də formasını geyinib. Darder İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Kayl Larin “Malyorka”ya “Valyadolid”dən 7,5 milyon avro qarşılığında gəlib. O da yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Kanadalı forvard ötən ilin yanvarından formasını geyindiyi “Valyadolid”də cəmi 19 matça çıxıb, 8 qol və 3 assist müəllifi olub. Larin “Beşiktaş”, “Orlando Siti”, “Sulte Varegem” və “Brügge”də də forma geyinib. 28 yaşlı futbolçu Kanada yığmasında 60 oyun keçirib, 28 qol vurub.
Samuel Kosta isə “Almeriya”dan 3 milyon avroya alınıb. Portuqaliyadan olan 22 yaşlı dayaq yarımmüdafiəçisi də yeni klubu ilə 5 illik sözləşmə imzalayıb.
“Almeriya” Samueli 2021-ci ilin yayında “Braqa”dan 5,25 milyon avroya transfer etmişdi. O, bu komandada 113 matça çıxıb, 3 qol vurub, 5 assist edib. Kosta Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.
Yeri gəlmişkən, “Malyorka”nın mərkəz yarımmüdafiəçisi İddrisu Baba da “Almeriya”ya keçib. 27 yaşlı futbolçu satınalma şərtilə mövsümün sonuna kimi icarəyə götürülüb. İspaniya vətəndaşlığı da olan qanalı futbolçu uzun illərdir formasını geyindiyi “Malyorka”da 150 oyuna 1 qol vurub, 2 assist edib. O, yığmasında da 20 oyun keçirib.