“Mançester Siti”nin və İngiltərə yığmasının sağ cinah müdafiəçisi Kayl Uoker zədə səbəbindən yığma komandanın düşərgəsini tərk edib.
Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Xatırladaq ki, martın 23-də kapitan Uoker İngiltərə yığmasının Braziliya millisi ilə yoldaşlıq oyununda (0:1) əsas heyətdə meydana çıxıb. O, zədə səbəbindən bu oyunun 20-ci dəqiqəsində əvəzlənib.
Oyundan sonra Uoker tibbi müayinədən keçib və müayinin nəticələrinə əsasən, baş məşqçi Qaret Sautqeyt Uokeri İngiltərə yığmasının növbəti oyun üçün heyətindən kənarlaşdırıb.
Xatırladaq ki, martın 26-da İngiltərə yığması Londonun “Uembli” stadionunda yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasını qəbul edəcək.
Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro müqabilində “Tottenhem”dən keçib. Uokerin “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.
Kayl Uoker hazırda kapitanı olduğu İngiltərə yığmasının heyətində 2011-ci ilin noyabrında debüt edib. Uoker yığmada 82 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı ingilis sağ cinah müdafiəçisi Kayl Uokerin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, İngiltərə yığmasında daha öncə hücumçu Harri Keyn və müdafiəçi Harri Maquayr da zədə səbəbindən millinin düşərgəsini tərk etmək məcburiyyətində qalmışdılar.