“Mançester Siti” “şəhərlilər”in ingilis sağ cinah müdafiəçisi, kapitan Kayl Uokerin irqi zəmində təhqir edilməsi ilə bağlı bəyanat yayıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində İtaliyada baş tutan “Yuventus”la səfər oyunundan (0:2) sonra, internetdə yaşanıb. İngiltərə çempionu hadisənin detallarını açıqlamasa da, bəyanatda bunları vurğulayıb:
“Mançester Siti” “Yuventus”la oyundan sonra Kayl Uokerin internetdə məruz qaldığı irqçi təhqiri şiddətlə qınayır. Biz, istər stadionlarda, istərsə də internetdə heç bir ayrı-seçkiliyə dözməyəcəyik. Klub, Kaylın məruz qaldığı iyrənc rəftardan sonra ona tam dəstək verəcək”, – İngiltərə klubunun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. Uokerin Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 14 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Kayl Uokerin “Mançester Siti”nin heəytində çıxışının ümumi mənzərəsi 315 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Kayl Uoker hazırda kapitanı olduğu, 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 93 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis sağ cinah müdafiəçisi Kayl Uokerin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.


