Kayl Uoker “Mançester Siti”ni “Bayern”ə dəyişir

“Mançester Siti”nin ingilis sağ cinah müdafiəçisi Kayl Uoker Almaniya nəhəngi “Bayern”ə keçmək üçün danışıqlar aparır.

Arena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Məlumatda bildirilir ki, futbolçu ötən mövsüm meydanda keçirdiyi müddətdən narazıdır. Hələlik klublar arasında razılıq əldə olunmayıb, lakin çox güman ki, Uoker “Mançester Siti”ni tərk edəcək. Uokerin “şəhərlilər”lə müqaviləsinin bitməsinə bir il qalıb.

Futbolçu İngiltərə yığması ilə 2024-cü il Avropa çempionatında iştirak etmək istəyir və bu məqsədlə oyun təcrübəsini artırmağa və yığmanın heyətinə düşməyə iddialıdır.

Bu arada, müdafiəçi Benjamin Pavarın da “Bayern”lə müqaviləsini yeniləmək istəmədiyi qeyd olunur. Beləliklə, Uoker onun əvəzləyicisi ola bilər.

Xatırladaq ki, daha əvvəl “Siti”nin digər futbolçusu, Joao Kanselo icarə əsasında “Bayern”ə keçmişdi. Amma onun bu yay “Mançester Siti”yə qayıdacağı bildirilir.

Kayl Uoker 2022/2023 mövsümündə “Mançester Siti”nin heyətində 39 oyunda meydana çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib, komandası ilə “trebl”ə imza atıb – İngiltərə Premyer Liqasını, Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

“Transfermarkt” internet- portalı Uokeri 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: