Kayl Uoker: “Milan”da sadəcə icarədəyəm, sonrasını…”

“Milan”ın 34 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Kayl Uoker İtaliya klubundakı gələcəyi ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Arena.az xatırladır ki, Uoker cari mövsümün sonuna qədər müddətə “Mançester Siti”dən icarə əsasında “Milan”da çıxış edir:

“Mən vidalaşdıqdan sonra, Xosep Qvardiola ayağa qalxdı və hər şey üçün təşəkkür edərək, mənə çox xoş sözlər dedi. Amma bura baxın, bu, hələ son deyil, mən burada sadəcə icarədəyəm və bu məqamı diqqətə almalıyam. Mən qayıda bilərəm, güman ki, hər iki tərəf mövsümün sonuna razılıq əldə etməlidir. Fəsil hələ tam bağlanmayıb, amma görək, sonrası nə olacaq…”, “Football Italia” dərgisi Uokerdən sitat gətirir.

Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edirdi. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. İngilis futbolçunun Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kayl Uokerin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

“Milan” üçün isə Uoker 12 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kayl Uoker 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 95 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.