Kayl Uoker Səudiyyə Ərəbistanına gedir? – Özü açıqladı

“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə mümkün keçidi haqda danışıb.

Arena.az İngiltərə millisinin də üzvü olan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Heç vaxt “heç vaxt” deməyəcəyəm. Orada ödədikləri pul ciddi futbolçuların bu ölkəyə köçməsinin mühüm səbəbidir. Kristiano Ronaldo hamının yolunu açıb.

Əgər onlar indiki kimi oyunçuları cəlb etməyə davam etsələr, liqa yaxşılaşmağa davam edəcək, bəs niyə ora getmək istəməyək? Amma hazırda Premyer Liqa mənim üçün dünyanın ən yaxşı liqasıdır. Ona görə də mən bu liqada mümkün qədər uzun müddət və ən yüksək səviyyədə oynamaq istəyirəm”, deyə Uoker vurğulayıb.

Xatırladaq ki, Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Təcrübəli futbolçu bu kluba “Tottenhem”dən 52,7 milyon avro müqabilində keçib. Uoker indiyə qədər “şəhərlilər”in heyətində 291 oyun keçirib. O, bu oyunlarda 6 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Uoker “Mançester Siti” ilə 5 dəfə İngiltərə çempionu olub. O, İngiltərə Liqa Kubokunda 4, Federasiya Kubokunda və İngiltərə Super Kubokunda 2 dəfə zəfər sevinci yaşayıb. Artıq onun titul kolleksiyasında UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Super Kuboku da var.

İngilis futbolçu karyerası ərzində “Şeffild Yunayted”, “Northempton Taun”, “Tottenhem”, KPR və “Aston Villa” klublarının da formasını geyinib. Müdafiəçi İngiltərə milli komandasında da 81 oyun keçirib. Müdafiəçi millidə 1 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Kayl Uokerin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: