“Kayserispor”un prezidenti avtomobillə adam vurdu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubunun prezidenti Ali Çamlı avtomobil qəzası keçirib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə ötən gün saat 17:00 radələrində Kayseri şəhərindəki mərkəzi küçələrin birində baş verib. Ali Çamlının idarə etdiyi 38 AKA 095 nömrə nişanlı cip elektrikli velosipedlə toqquşub. Qəza nəticəsində velisopedin sürücüsü, 60 yaşlı İbrahim M. ağır xəsarətlər alıb. Yaxınlıqdakı insanlar hadisə yerinə dərhal polis və ambulans çağırıblar. Xəstəxanada həyata keçirilən müdaxilələrə rəğmən, əslən Suriyadan olan velosiped sürücüsünün həyatını xilas etmək mümkün olmayıb. Avtomobilin sürücüsü Ali Çamlı isə polis şöbəsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Ali Çamlı 2022-ci ilin dekabr ayından “Kayserispor”un prezidentidir. Kayseri təmsilçisi Türkiyə Super Liqasının cari mövsümündə 30 oyun keçirib, bu görüşlərdə 10 qələbə, 9 heç-heçə və 11 məğlubiyyət görüb. Hesabından 3 xal silinmiş komanda hazırda turnir cədvəlində 36 xalla 13-cü pillədə qərarlaşıb.