“Kayserispor”un təyyarəsini ildırım vurub

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor”un əsas komandasının təyyarəsini ildırım vurub.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidmətinin rəhbəri Samet Koç məlumat yayıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Klub rəsmisinin sözlərinə görə, komanda Super Liqanın 36-cı turu çərçivəsində baş tutan “Fənərbaxça” ilə səfər matç üçün İstanbula uçarkən təyyarəni iki dəfə ildırım vurub. Samet Koç təbiət hadisəsi zamanı heç bir faciənin yaşanmadığını, futbolçuların vəziyyətinin yaxşı olduğunu bildirib. Təyyarə ildırım vurmasından dərhal sonra Kayseri hava limanına qayıdıb, lazımi texniki baxışdan keçdikdən sonra İstanbula yola düşüb.

Qeyd edək ki, Kayseri təmsilçisi ötən gecə baş tutan “Fənərbaxça” ilə səfər oyununda 0:3 hesablı məğlubiyyətə üzülüb.

“Kayserispor” Türkiyə Super Liqasında 41 xalla 13-cü pillədə qərarlaşıb.

Bahar Rüstəmzadə