Futbol üzrə Braziliya yığmasının yarımmüdafiəçisi Kazemiro İspaniyanın “Real” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra İngiltərənin “Mançester Yunayted” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Təcrübəli futbolçu “qırmızı şeytanlar”la 4+1 illik müqavilə bağlayıb.
“Mançester Yunayted” bu transfer üçün “Real”a bonuslarla birlikdə 70 milyon funt-sterlinq (82.4 milyon avro) ödəyəcək. Madrid klubunun ən çox qazanan oyunçularından olan Kazemiro, Mançester təmsilçisində də yalnız Kristiano Ronaldodan az qazanacaq. Onun David de Xea kimi, həftəsinə 350 min funt-sterlinq alacağı iddia olunur.
Kazemiro 2013-cü ildən “Real”ın uğurları üçün çalışırdı. O, Madrid təmsilçisinin heyətində 336 oyuna çıxıb, 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı oyunçu bu klubla 18 kubok qazanıb:
5 dəfə Çempionlar Liqasının qalibi
3 dəfə İspaniya La Liqasının qalibi
3 dəfə UEFA Super Kubokunun qalibi
3 dəfə FİFA Klublararası Dünya Çempionatının qalibi
3 dəfə İspaniya Super Kubokunun qalibi
1 dəfə İspaniya Kubokunun qalibi
Braziliya yığmasının üzvü “Real”dan öncə yalnız yetirməsi olduğu “San Paulo”da oynayıb. Madrid klubu isə 2014/15 mövsümündə onu “Portu”ya icarəyə vermişdi. Yarımmüdafiəçi Braziliya millisində 63 oyun keçirib, 5 qola imza atıb.