Kazper Karlsson və Yens Odqor “Bolonya”da

İtaliyanın “Bolonya” klubu heyətini iki yeni futbolçu – yarımmüdafiəçi Kazper Karlsson və hücumçu Yens Odqor ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Karlsson İsveçin “Halmstad” klubundan 600 min avro qarşılığında transfer olunub. 18 yaşlı isveçli futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Kazper Karlsson “Halmstad”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 45 oyuna keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc yarımmüdafiəçi İsveçin U-16, U-17 yığmalarında oynayıb, 2022-ci ildən isə U-19-da forma geyinir.

Yens Odqor isə Niderlandın “Alkmar” klubundan bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Lyunqbyu” klubunun yetirməsi olan futbolçu vaxtilə “İnter”ə transfer olunsa da, bu komandada forma şansı qazanmayıb. Bu üzdən də “Sassuolo”ya keçib və icarə əsasında “Herenven”, “Luqano”, “Peskara”, “Valveyk” kimi klublarda forma geyinib. 2022-ci ildən “Alkmar”da forma geyinən 24 yaşlı danimarkalı forvard bu komandada 71 oyuna 14 qol vurub, 8 assistlə yadda qalıb.

Odqor Danimarkanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynamasına baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb.

“Bolonya” niderlandlı hücumçusu Sidney Van Hoydonku da “Norviç Siti”yə icarəyə verib. İngiltərə klubu 24 yaşlı forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

“NAK Breda”nın yetirməsi olan Sidney van Hoydonk 2021-ci ildən formasını geyindiyi “Bolonya”da cəmi 16 oyuna çıxıb və 1 qolla yadda qalıb. O, ötən mövsüm “Herenven”də də icarədə olub. Məşhur Pyer Van Hoydonkun oğlu olan Sidney, Niderlandın U-21 yığmasında oynasa da, əsas milliyə dəvət almayıb.

“Bolonya”nın iki futbolçusu – qapıçısı Sebastyan Breza və mərkəz müdafiəçisi Xoakin Sosa da “Monreal”a keçib. Sosa 2024-cü ilin dekabrına kimi MLS təmsilçisində icarədə olacaq. Kanadalı qapıçı Breza isə azad agent kimi keçdiyi yeni klubu ilə 2025-ci ilin 31 dekabrına kimi anlaşıb.