Türkiyəli futbol mütəxəssisi Kemal Özdeş Birinci Liqa təmsilçisi “Ankaragücü” komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Ankara klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
54 yaşlı mütəxəssislə 1,5 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Özdeş paytaxt klubunun “sükanı arxasında” bir neçə gün öncə istefaya göndərilmiş Kenan Koçakı əvəz edib. O, 2024-cü ilin sentyabr ayında baş məşqçi təyin olunduğu komandadan bu ayın 20-də ayrılıb. “Ankaragücü” Kenan Koçakın rəhbərliyi altında 14 oyun keçirib, 8 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət görüb.
“Ankaragücü” cari mövsümdə Birinci Liqada keçirdiyi 17 oyunda 7 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Komanda topladığı 24 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Kemal Özdeş isə son olaraq “Kasımpaşa”ya rəhbərlik edib. O, 2023-cü ilin aprel ayından çalışdırmağa başladığı bu komandadan elə həmin ilin noyabrında ayrılmışdı. Həmin dövrdən bəri işsiz olan türkiyəli mütəxəssis karyerası ərzində “Manisaspor”, “Gənclərbirliyi”, “Bakıkəsirspor”, “Karşıyaka”, “Elazığspor”, “Göztəpə”, “Yeni Malatyaspor” kimi komandalara da rəhbərlik edib.
Sonda onu da xatırladaq ki, “Ankaragücü” klubunda iki azərbaycanlı futbolçu forma geyinir. Bunlardan biri Azərbaycan millisinin hücumçusu Renat Dadaşov, digəri isə U-19 yığmamızda çıxış edən Həsən Nəzərovdur.
Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 12 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3 oyun keçirib.