“Keşlə” seneqallı yarımmüdafiəçi ilə müqavilə bağladı

“Keşlə” daha bir legioner futbolçu transfer edib. Arena.az xəbər verir ki, paytaxt klubu seneqallı sol cinah yarımmüdafiəçisi Omar Qudiabini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qudiabinin son klubu Şimali Makedoniyanın “Pelister” komandası olub. Müqavilə ilə bu ölkənin digər klubu “Şkupi”yə məxsus olan vinger, “Pelister”də icarə əsasında oynayıb. Qudiabi 2019-cu ildən “Şkupi”də çıxış edirdi. O, daha öncə ölkəsində də bir neçə komandanın uğurları üçün çalışıb.

“Keşlə” bu gün “Pelister”in hücumçusu Aldair Netonu da transfer etdiyini açıqlamışdı. Paytaxt klubu daha öncə “Qəbələ”dən ayrılan Merab Giqaurini transfer etmiş, həmçinin “Neftçi”dən Rəhman Hacıyevlə Turan Vəlizadəni, “Sabah”dan isə Elçin Mustafayevi icarəyə götürmüşdü.