Kevin De Bröyne – 2023-cü ilin ən yaxşı pleymeykeri!

Belçika yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne 2023-cü ildə dünyanın ən yaxşı pleymeykeri elan edilib.

Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu gün 2023-cü ildə kişilər arasında dünyanın ən yaxşı pleymeykerini açıqlayıb.

2023-cü ildə “Dünyanın ən yaxşı pleymeykeri” mükafatına məhz De Bröyne layiq görülüb. Bununla da o, üçüncü dəfə reytinqdə birinci olub. 181 xal toplayan belçikalı oyunçu 2020 və 2021-ci ildən sonra yenidən öz mövqeyinin ən yaxşısı seçilib.

5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb. Argentina yığmasının və “İnter Mayami”nin ulduz futbolçusu 100 xal toplayıbsa, “Mançester Siti”nin digər oyunçusu, Portuqaliya yığmasının üzvü Bernardo Silva 78 xalla üçüncü olub.

Xatırladaq ki, cari mövsümün əvvəlində De Bröyne ciddi zədə alaraq, uzun müddətə sıradan çıxmışdı. Hazırda futbolçu bərpa keçir və gələn il sıraya qayıtmağı hədəfləyir.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “şəhərlilər”in heyətində 49 oyuna çıxıb, 10 qol vurub, 31 məhsuldar ötürmə verib. Cari mövsümdə isə o, 2 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

  1. Kevin De Bruyne (Belçika, “Mançester Siti”) – 181
  2. Lionel Messi (Argentina, “İnter Mayami”) – 100
  3. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”) – 78
  4. Cud Bellingem (İngiltərə, “Real”) – 70
  5. Martin Edeqor (Norveç, “Arsenal”) – 18
  6. Camal Musiala (Almaniya, “Bayern”) – 17
  7. Toni Kroos (Almaniya, “Real”) – 15
  8. Pedri (İspaniya, “Barselona” (İspaniya) – 12
  9. Federiko Valverde (Uruqvay, “Real”) – 11
  10. Bruno Fernandes (Portuqaliya, “Mançester Yunayted”) – 10