Kevin de Bröyne: “Haradasa futbolsuzluqdan həzz alırdım”

“Mançester Siti”nin belçikalı hücumameylli yarımmüdafiəçisi Kevin De Bröyne futbolsuz keçirdiyi vaxtdan danışıb.

Arena.az xatırladır ki, belçikalı yarımmüdafiəçi 2023-cü il avqustun 11-də Premyer Liqanın 1-ci turu çərçivəsində “Börnli” ilə oyununda (3:0) zədələnib və 2024-cü ilin yanvarına qədər oynamayıb.

“Fasilə ehtiyacım olmayıb, amma bundan istifadə etdim və çatışmazlıqları üstünlüyə çevirdim. Mən karyeram haqqında düşünəndə, son 10 il ərzində dayanmadan, kiçicik fasilələrlə oynadığımdan, bəlkə də mümkündür ki, bu, il ərzində tamamilə mümkün olmadığı halda, bir az yenidən qurulmaq və özümə diqqət yetirmək baxımınan mənim üçün xeyirli oldu.

Bu tətildən müəyyən dərəcədə həzz aldım. Əvvəlcə bu, böyük zərbə oldu, amma anlayırdım ki, dörd-beş ay yaşıl meydanlardan kənarda qalacağam”, – “The Telegraph” nəşri De Bröynedən sitat gətirir.

Xatırladaq ki, belçikalı yarımmüdafiəçi zədədən sonra ilk dəfə İngiltərə Kubokunun 1/32 finalı çərçivəsində “Haddersfild Taun”la oyunda (5:0) meydana çıxıb. O, bu oyunda 1 məhsuldar ötürmə ilə fərqlənib.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”də 49 oyuna çıxıb. O, bu görüşlərdə 10 qol vurub, 31 məhsuldar ötürmə verib. Cari mövsümdə isə De Bröyne 3 oyun keçirib, 2 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.