Kevin De Bröyne məhsuldar ötürmələr pokerinə imza atdı

İngiltərə Kubokunda “Luton Taun”la səfər oyunu (2:6) “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, De Bröyne bu oyunda “şəhərlilər”in 5 qol vurmuş norveçli mərkəz hücumçusu Erlinq Halanda 4 məhsuldar ötürmə verib.

2024-cü ildə 32 yaşlı De Bröyne bütün yarışlarda 10 oyun keçirib. O, bu oyunlarda qol və məhsuldar ötürmələrin cəmi üzrə 12 xal toplayıb (2 qol və 10 məhsuldar ötürmə).

Xatırladaq ki, belçikalı yarımmüdafiəçi zədə səbəbindən cari mövsümün çox hissəsini buraxıb. De Bröyne cari mövsümün payız hissəsində, 2023-cü ilin avqustunda cəmi 2 oyunda iştirak edib. Zədəsini sağaldaraq meydana dönmüş De Bröynenin hazırda yüksək idman formasını bərpa etdiyi göz önündədir.

Üstəlik, Kevin 4 qol ötürməsi verdiyi Halandla birikdə şəklini sosial şəbəkələr üzərindən paylaşaraq, zarafatyana şəkildə şərh edib: “Necə yardımçı ola bilərəm?” (How may I assist you?)

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin bu klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.