“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne cari mövsümün sonunda “şəhərlilər”in düşərgəsini tərk edəcəyini açıqlayıb.
Arena.az xəbər verir ki, belçikalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli oyunçu Mançester klubu ilə vida paylaşımında bunları qeyd edib:
“Bu klubda 8 möhtəşəm il keçirdim. Mənə inanan hər kəsə – xüsusilə də “Mançester Siti” ailəsinə minnətdaram. Burada çoxsaylı kuboklar qazandıq və əbədi xatirələr yaratdıq. İndi yeni macəralara üz tutmaq vaxtıdır. Həmişə sevgi ilə, Kevin”.
Xatırladaq ki, Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
De Bröynenin “Mançester Siti”dən ayrılandan sonra azad agent kimi Səudiyyə Ərəbistanına üz tutacağı iddia olunur. Onun xidmətində “Əl-İttihad” klubunun maraqlı olduğu bildirilir.
Cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 31 oyun keçirib. O, bu oyunlarda 4 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 413 oyun, 106 qol və 174 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.