“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne “şəhərlilər”lə müqaviləsinin mümkün yenilənməsinə dair cavabı ilə diqqət çəlkib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, belçikalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Mənə əhəmiyyətli deyil. Mən sadəcə əvvəlki vəziyyətimə qayıtmağa çalışıram. Hər həftə yaxşılaşdığımı hiss edirəm. Fiziki baxımdan da irəliləyirəm və indi 90 dəqiqə qaça bilirəm.
Zədəm son bir neçə ayda mənim üçün azacıq ağrılı oldu, amma mən yaxşılaşıram və daha yaxşı və daha da yaxşı oynayıram, odur ki, hər şey qaydasındadır”, deyə de Bröyne vurğulayıb.
Xatırladaq ki, Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son aylarda zədədən əziyyət çəkməsinə baxmayaraq, cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 18 oyun keçirib. O, bu oyunlarda 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 400 oyun, 104 qol və 172 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 107 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 50 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.