Kevin De Bröyne Premyer Liqanın ən məhsuldarları sırasında

Premyer Liqanın 22-ci turunun “Börnli” ilə oyunu (3:1) “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne üçün əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, bu oyunda De Bröyne İngiltərə Premyer Liqası çərçivəsində 104-cü məhsuldar ötürməsini verib.

Beləliklə, belçikalı yarımmüdafiəçi “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runinin nəticəsini (103 məhsuldar ötürmə) geridə qoyaraq, ilk üçlüyə daxil olub.

Cari mövsümdə De Bröynenin Premyer Liqanın məhsuldar ötürmələr üzrə 2-ci ən yaxşı nəticəsinə sahib futbolçusu Sesk Fabreqasın nəticəsini geridə qoymaq üçün gerçək imkanı və vaxtı var.

İngiltərə Premyer Liqasının tarixində məhsuldar ötürmələr üzrə ən yaxşı nəticəyə imza atmış futbolçuların ilk beşliyi isə belə sıralanıb:

  1. Rayan Giqqz (162 məhsudlar ötürmə);
  2. Sesk Fabreqas (111 məhsudlar ötürmə);
  3. Kevin De Bröyne (104 məhsudlar ötürmə);
  4. Ueyn Runi (103 məhsudlar ötürmə);
  5. Frenk Lempard (102 məhsudlar ötürmə);

De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb. Kevin bu oyunlarda 10 qol vurub, 31 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə De Bröyne mövsümn ilk yarısının böyük bir hissəni zədəli olub və meydana qayıtdıqdan sonra 6 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.