İngiltərə Premyer Liqasının 37-ci turunun “Bornmut”la ev oyunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu Premyer Liqa matçlarında komanda yoldaşları üçün yaratdığı qol şanslarının sayına görə “Arsenal” və “Çelsi”nin sabiq futbolçusu Sesk Fabreqasın (846) rekordunu təkrarlayıb.
Belçikalı yarımmüdafiəçi 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində o, Premyer Liqa oyunlarında komanda yoldaşları üçün 846 qol şansı yaradıb. Bu, statistik məlumatlar toplanandan bəri rekord göstərici sayılır. Sesk Fabreqas da eyni nəticəni göstərib. De Bröyne mövsümün sonuncu matçında da bu uğurunun davamını gətirə bilsə, mütləq rekordçuya çevriləcək.
Qeyd edək ki, bu göstəricidə ilk “5-liy”ə Stiven Cerrard (828), Frenk Lempard (802) və David Silva (793) daxildir.
“Bornmut”la görüş həmçinin De Bröyne üçün “Mançester Siti”nin heyətində son ev matçı olub. O, mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.
Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 39 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 421 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.