Kevin De Bröyne Sesk Fabreqası da geridə qoydu

Premyer Liqanın 34-cü turunun “Tottenhem”lə səfər oyunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, belçikalı futbolçu 2:0 hesabıyla qalib gəldikləri bu oyunda dubl müəllifi olmuş norveçli mərkəz hücumçu Erlinq Halandın ilk qolu vurmasında məhsuldar ötürmə ilə fərqlənib.

Beləliklə De Bröynü İngiltərə Premyer Liqasının tarixində məhsuldar ötürmələrin sayı üzrə 2-ci pilləyə yüksəlib. Belçikalı yarıımüdafiəçinin hesabında 112 məhsuldar ötürmə var.

İngiltərə Premyer Liqasının tarixində məhsuldar ötürmələrin sayı üzrə ilk üçlük belə sıralanıb:

  1. Rayan Giqqz (“Mançester Yunayted”) – 162 məhsuldar ötürmə;
  2. Kevin De Bröyne (“Mançester Siti”) – 112 məhsuldar ötürmə;
  3. Sesk Fabreqas (“Arsenal”) – 111 məhsuldar ötürmə.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Bröyün şəhərlilərin heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, belçikalı yarımmüdafiəçi mövsümün ilk yarısını zədəli olub.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.