Futbol üzrə İsveçrə milli komandasının və İngiltərənin “Fulhem” klubunun müdafiəçisi Kevin Mbabu Premyer Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı sağ cinah oyunçusu İsveçrənin “Servett” klubuna keçib.
Sözügedən klub öz yetirməsi olan bu oyunçunu cari mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Kevin Mbabu məhz “Servett” klubunun yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında cəmi 1 oyuna çıxdıqdan sonra İngiltərənin “Nyukasl” komandasına satılıb. İsveçrə təmsilçisi 2013-cü ildə bu keçiddən 1 milyon avro qazanıb. Mbabu karyerası ərzində “Servett” və “Nyukasl”dan başqa, “Reyncers”, “Yanq Boyz” və “Volfsburq” kimi klubların da formasını geyinib. “Volfsburq” 2019-cu ilin iyulunda “Yanq Boyz”dan 9.2 milyon avroya aldığı Mbabunu ötən ilin iyul ayında 5.6 milyon avro qarşlığında “Fulhem”ə satmışdı. Amma isveçrəli müdafiəçi Premyer Liqa təmsilçisinin heyətində cəmi 5 oyun keçirib.
İsveçrənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Mbabu, əsas millidə 22 matça çıxıb.