Kevin Medina 2025-ci ilə qədər “Qarabağ”da!

Qarabağ” müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Yeni razılaşmaya əsasən, kolumbiyalı müdafiəçi 2025-ci il iyunun 30-dək bu komandada çıxış edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Kevin Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. 29 yaşlı mərkəz müdafiəçisi daha öncə Portuqaliyada “Naval”, “Moura”, “Sintrense”, “Pinhalnovense”, “Akademiko Vizeu” və “Çaves” kimi klublarda forma geyinib.

Kolumbiyalı müdafiəçi yeni müqavilə bağlaması barədə klubun rəsmi saytına açıqlama da verib. O, bunları deyib:

“Qarabağ”a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub. Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha üç il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: