“Qarabağ”ın müdafiəçisi Kevin Medina klubun rəsmi saytına açıqlama verib. Arena.az xəbər verir ki, kolumbiyalı futbolçu komandanın Avropa Konfrans Liqası və Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:
“Premyer Liqa və Konfrans Liqasında vəziyyətimiz yaxşıdır. Yaranmış fasilədə də öz üzərimizdə çalışmalıyıq. İnkişaf etmək və oyunumuzu təkmilləşdirmək üçün mümkün qədər daha çox məşq etməliyik. Oyun ritmini qorumaq üçün çalışmağa davam edirik. Premyer Liqada hazırda liderik və oyunlarımız asan keçmir. Bütün rəqiblər xal almağa və qalib gəlməyə çalışırlar”.
Medina “Qarabağ”ın tarixində ilk dəfə qrupdan çıxmasına da münasibət bildirib:
“Konfrans Liqasında qrup mərhələsinin başa çatmasına 2 tur qalsa da, növbəti mərhələyə yüksəlməyi təmin etdik. Bütün azarkeşlər kimi, biz futbolçular da bu tarixi uğura çox sevinirik. Ancaq mən uğurumuzu bu ilin nəticəsi adlandırmazdım. Çünki “Qarabağ” ardıcıl 8-ci dəfədir qruplarda oynayır. Bu uğur uzun illər çəkilmiş zəhmətin nəticəsidir. 8 il ərzində toplanmış təcrübənin bəhrəsini biz görürük. Deməli, bu uğura nail olmaq indiki komandanın qismətində imiş. Azarkeşlərimizə də bizi daim dəstəklədikləri üçün təşəkkür edirəm”.
Kevin Medina 2020-ci ilin iyul ayından “Qarabağ”da forma geyinir. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Ağdam təmsilçisinin cəmi bir oyununda (“Sumqayıt”la çempionat matçı – red.) forma geyinməyib. “Qarabağ” Premyer Liqadakı növbəti matçını noyabrın 19-da “Keşlə”yə, Avropa Konfrans Liqasındakı görüşü isə ayın 25-də Kipr “Omoniya”sına qarşı olacaq.


