Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Kolumbiyadan olan mərkəz müdafiəçisi Kevin Medina əməliyyat olunub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu ötən gün Finlandiyada cərrahi əməliyyat keçirib.
Müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan “Molde” (Norveç) ilə səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. Onun təqribən 3 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Kevin Medina 2020-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyur. 30 yaşlı futbolçu indiyə qədər Ağdam təmsilçisində 122 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Mərkəz müdafiəçisi daha öncə Portuqaliyada “Naval”, “Moura”, “Sintrense”, “Pinhalnovense”, “Akademiko Vizeu” və “Çaves” kimi klublarda forma geyinib.
Medinanın Ağdam klubu ilə ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir. O, son olaraq ötən ilin iyul ayında klubla yeni sözləşmə imzalayıb.


