Kevin Medina və “Neftçi” üçün yubiley

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub. Arena.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Onun yubileyi “Zirə” ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb.
Kevin bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda da 7 oyun keçirib.

“Neftçi”dən 200-cü məhsuldar oyun

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Səbail”lə oyunu “Neftçi” üçün də əlamətdar olub. “Ağ-qaralar” ev oyununda 3:1 hesablı qələbə qazanıb.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. “Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.

Xatırladaq ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.

Volkov “100”ə çatdı

Hesabat turu “Sabah”ın futbolçusu Davit Volkov üçün də əlamətdar olub. O, Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Gürcüstanlı hücumçunun yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.

“Turan Tovuz”la səfər görüşündə sonradan meydana çıxan legioner 100-cü qarşılaşmasını keçirib. Onun hesabında 30 qol var.
Volkov Premyer Liqada 2019-cu ilin əvvəlində debüt edib. O, “Qəbələ”də 27 (7 qol), “Zirə”də 58 (20 qol) və “Sabah”da 15 (3 qol) oyun keçirib.

Xatırladaq ki, “Sabah” səfər matçında 1:0 hesablı qələbə qazanıb.