Kevin Strotman Marsel “Olimpik”indən ayrıldı – “Cenoa”ya görə

Futbol üzrə Niderland milli komandasının keçmiş yarımmüdafiəçisi Kevin Strotman icarədə oynadığı “Cenoa”da qalmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, müqavilə ilə Fransanın “Olimpik” (Marsel) klubuna məxsus olan 33 yaşlı dayaq yarımmüdafiəçisi Liqa 1 təmsilçisi ilə sözləşməsinə xitam verib. Fransa klubu onu “Cenoa”ya pulsuz buraxmağa razılaşıb. Təcrübəli oyunçunun Genuya təmsilçisi ilə müqaviləsinin müddəti açıqlanmır. Onun icarə müddəti isə bu mövsümün sonunadək nəzərdə tutulmuşdu.

Kevin Strotman 2022-ci ilin avqustundan “Cenoa”da çıxış edir. O, 2021-ci ildə də bu klubun uğurları üçün çalışıb. Yarımmüdafiəçi bu mövsüm İtaliya klubunun heyətində 30 oyuna çıxıb, 2 qola imza atıb. Bütövlükdə isə Strotmanın “Cenoa” karyerası 48 oyun, 2 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Strotman Marsel “Olimpik”inə 2018-ci ilin avqust ayında İtaliyanın “Roma” klubundan 25 milyon avro qarşılığında transfer edilmişdi. Niderlandlı oyunçu Fransa klubunda 78 oyuna çıxıb, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Roma”, PSV, “Sparta” (Rotterdam), “Utrext” və “Kalyari” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Niderland milli komandasında da 46 oyun keçirib, 3 qol vurub.

Sonda onu da xatırladaq ki, “Cenoa” bu mövsüm İtaliya B Seriyasında çempion olub. Sözügedən komanda növbəti mövsümdən İtaliya A Seriyasında oynamaq hüququ qazanıb. Genuyalılar 2021/22 mövsümündə 19-cu pilləni tutduqları üçün A Seriyasını tərk etmək məcburiyyətində qalmışdılar.