Keysuke Honda rəsmən Litva klubunda

Futbol üzrə Yaponiya millisinin sabiq yarımmüdafiəçisi Keysuke Honda özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 35 yaşlı hücumameyilli yarımmüdafiəçi bundan sonra Litvanın “Suduva” klubunda forma geyinəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Honda bu klubla müddəti 31 dekabra qədər olan müqavilə imzalayıb. Təcrübəli futbolçu yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Keysuke Honda son olaraq Azərbaycan çempionu “Neftçi”də forma geyinib. O, ötən mövsümün sonlarında çıxış etdiyi Bakı klubunda 7 oyuna çıxıb, 2 qol vurub və Azərbaycan çempionu olub.

Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (Moskva, 2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Super Kubokunun (2013), İtaliya Super Kubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).

O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.