“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe yayda PSJ-dən azad agent qismində “qaymaqlılar”a qoşulmasını xatırlayıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, fransalı ulduz öz qərarını əsaslandırıb:
“Mən PSJ-də yeddi il keçirmişən və bu, mənim üçün şərəf idi. Düşünürəm ki, sözümü kifayət qədər az demişəm və özümü kifayət qədər az sübut etmişəm, amma həmişə harada olduğumu və PSJ-nin nə qədər böyük bir klub olduğunu dərk etmişəm. Mən həmişə demişəm ki, bu, Fransanın ən böyük klubu və dünyanın ən yaxşı klublarından biridir. Amma sonra mən dünyanın ən nəhəng klubuna keçdim. Mən həmişə demişəm ki, “Real” PSJ-dən ayrılacağım yeganə klubdur. Əgər “Real”a keçə bilməsəydim, karyeramın sonuna qədər PSJ-də qalardım. Əlbəttə, mən həmişə PSJ-nin oyunlarına baxıram. Komandada dostlarım var və onlar indi də yaxşı oynayırlar”, deyə Mbappe vurğulayıb.
Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 23 oyuna çıxıb, 13 qol vurub, 3 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.



