“Kilian Mbappe əvvəlki kimi qorxulu deyil” – Lizarazyu

“Real”ın və Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappe növbəti dəfə tənqid hədəfi olaraq iradlara tuş gəlib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, bu dəfə fransalı ulduzun ünvanına öz iradını “xoruzlar”ın keçmiş müdafiəçisi Biksant Lizarazyu bildirib:

“Bəlkə də Mbappe həmişəkindən daha sakitdir. O, öz oyununu tapa bilmədiyi üçün daha çox əsəb keçirir. Mbappe artıq əvvəlki kimi partlayıcı və cəsur deyil. O, hələ də çox yaxşı qolçu və çox yaxşı oyunçudur. Amma o, əvvəlki kimi qorxulu deyil”, deyə veteran futbolçu vurğulayıb.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 85 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.