“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Lill”ə qarşı oyunda meydana çıxa bilməyəcək.
Arena.az xəbər verir ki, bunu fransalı futbolçu özü bəyan edib:
“Oyun zamanı zədələnmişəm və bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağam. Bu, mənim üçün çətin məqamdır, çünki futbol oynamağa başlayandan bəri ilk dəfədir ki, başıma gəlir”, deyə Mbappe bildirib.
Xatırladaq ki, Mbappe La Liqanın 7-ci turu çərçivəsində “Alaves”lə ev oyununda (3:2) zədələnib. Fransalı ulduz qol vurduğu oyunun 80-ci dəqiqəsində əvəzlənməsini istəyib.
“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.