Kilian Mbappe Fransa millisinin oyunu vaxtı gecə klubuna getdi

“Real”ın və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe gərəkli məqamda xoşagəlməz məkana getməklə diqqət mərkəzi düşüb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Mbappe Fransa yığmasının UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində İsrail yığması ilə oyunu (3:0) zamanı İsveçin paytaxtı Stokholmun gecə klublarından birində olub.

Mənbənin məlumatına görə, əvvəlcə Mbappe bir neçə qohumu ilə birlikdə restoranların birində şam edib, sonra isə gecə klubuna baş çəkib. Üstəlik, bu səfərin Mbappe tərəfindən təşviq edilib bəyənildiyi vurğulanır. “Real” komanda məşqlərini bərpa etməzdən əvvəl, hücumçuya bir neçə gün istirahət verib. Mbappeyə fərdi məşq proqramı da təyin edilib. Mbappe də gecə klubuna “məşqə” yollanıb.

Xatırladaq ki, daha əvvəl Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün “xoruzlar”ın düşərgəsinə çağırılmadığını bildirmişdi. Göründüyü kimi, Mbappe haqda müvafiq xəbər mətbuata sızdıqdan sonra, fransız ulduzun müvafiq surətdə “müalicəsi və sağalması” birmənalı qarşılanmayıb. Mbappe özünün bərbad idman forması mənzərəsində yenidən tənqid seli ilə üzləşib.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: