Kilian Mbappe: “Fransa üçün burnumu sındırmışdım, indi isə…”

“Real”ın və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe “xoruzlar”ın son oyunlarını buraxdığına görə tənqidlərə münasibətini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, fransalı ulduzun bu barədə fikrini təqdim edir:

“AÇ-2024 böhtan və yalanlarla dolu idi. Mənə meymun dedilər və bəzi uğursuzluqlara görə məsuliyyəti mənim üzərimə yüklədilər. Mən isə bütün bunları Fransa komandasının xatirinə qəbul etdim. Mən həmişə milli komandanı öz maraqlarımdan üstün tutmuşam. Milli komandanı ən yaxşı surətdə təmsil etmək üçün əlimdən gələni etmişəm.

“Təslim olmaq fikrində deyiləm”

Bu komandaya görə burnumu sındırmışdım. İndi isə insanlar deyirlər ki, mən Fransa yığması ilə maraqlanmıram, diqqətimi yalnız “Real”a yönəldirəm? Bununla belə, mən təslim olmaq fikrində deyiləm”, deyə Mbappe vurğulayıb.

Xatırladaq ki, Mbappe Fransa yığmasının son iki payız toplantısına cəlb edilməyib. “Xoruzlar”ın baş məşqçisi Didye Deşam, hücumçunun qənaətbəxş idman formasında olmadığı səbəbindən Kilian Mbappeni milli komandaya dəvət etmədiyini vurğulamışdı.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 21 oyuna çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: