Kilian Mbappe: “Fransanı tərk etməklə çox şey itirəcəyəm”

Cari mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlamış fransalı ulduz hücumçu Kilian Mbappe gələcəyi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az “Get French Football News” dərgisinə istinadən, fransalı ulduzun bu barədə fikirlərini təqdim edir:

“Fransadan ayrılmaqla çox şey itirəcəyəm, amma digər çox şey də qazanacağam. Mən bunu səbirsizliklə gözləyirəm və çox həyəcanlıyam. Qarşıda olanlar sehrli olacaq”, deyə Mbappe bildirib.

“Böyük oyunçular xüsusi klublarda oynamaq istəyirlər”

Mbappe həmçinin PSJ-də onu hansı futbolçunun əvəz edə biləcəyi haqda sualı cavablayıb:

“PSJ məni cəlb edibsə, başqalarını da cəlb edəcək. Böyük oyunçular xüsusi klublarda oynamaq istəyirlər və PSJ xüsusi klubdur”.

Xatırladaq ki, mayın 10-da Mbappe cari mövsümün sonunda müqaviləsinin başa çatması ilə PSJ-dən ayrılacağı haqda videomüraciətlə çıxış edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin artıq “Real”la müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Vurğulanır ki, ulduz hücumçu hələ qışda komanda yoldaşlarına və PSJ-nin məşqçilər qərargahına cari mövsümün sonunda klubdan ayrılacağını bildirib. Öz növbəsində “Real”ın prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər qərargahına Mbappenin “Real”ın yeni oyunçusu olacağı barədə məlumat verib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq və artıq məlum olduğu kimi, fransalı ulduz azad agent qismində İspaniya nəhəngi “Real”a qoşulacaq.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 assist verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.