Kilian Mbappe hazırda Avropanın ən yaxşı futbolçusudur?!

Liverpul”un təhlil şöbəsinin sabiq rəhbəri İen Qrem bəyan edib ki, PSJ-nin hücumçusu Kilian Mbappe hazırda Avropanın ən yaxşı futbolçusudur.

Arena.az xəbər verir ki, Qrem bu nəticəyə statistik modellərin təhlili əsasında gəlib:

“İstənilən statistik model sizə Kilian Mbappenin hazırda Avropanın ən yaxşı oyunçusu olduğunu göstərəcək. Ancaq təəssüf ki, o, maliyyə məhdudiyyətləri səbəbilə “Liverpul”un yer aldığı liqada çıxış etmir. Biz funta münasib ən yaxşı oyunçuları axtarırıq”.

Xatırladaq ki, Kilian Mbappe geridə qalan mövsümdə komandasının heyətində 43 oyuna çıxıb. O, bu oyunlarda 41 qol vurub və 10 məhsuldar ötürmə ilə fərqlənib. Bununla da gənc forvard komandasının Fransa çempionluğunu qazanmasında əsas pay sahibinə çevrilib.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, daha əvvəl İen Qrem verilənlər əsasında statistik göstəricilərin müqayisindən alınmış nəticəyə görə, argentinalı ulduz hücumçu Lionel Messinin portuqal ulduz hücumçu Kristiano Ronaldodan daha effektiv olduğunu bildirmişdi.