Kilian Mbappe LFP-yə PSJ-dən şikayət ünvanladı

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe Fransa Peşəkar Futbol Liqasına (LFP) PSJ-dən şikayət ünvanlayıb.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Fransalı ulduz Paris klubundan PSJ-nin ona borclu olduğu 55 milyon avro məbləğində haqqı ödəməsini tələb edir.

Bildirilir ki, PSJ keçmiş futbolçusuna üç aylıq maaş və əlavə üstəlikləri ödəməkdən hələ də imtina edir. Mbappe bundan narazı qalıb və bu vəsaitə görə təzminat haqqı da tələb edir. Müvafiq məsələ ilə bağlı komissiyanın növbəti iclası dekabrın 11-də baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl mətbuatda, PSJ-nin 2024-cü ilin aprel ayından bəri Mbappenin maaşını və müxtəlif mükafatlarını ödəmədiyi barədə məlumat yayılıb. Mbappe tərəfinin PSJ-yə borcun ödənilməsini tələb edən rəsmi bildiriş göndərdiyi vurğulanır.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 19 oyuna 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: