Kilian Mbappe millimizlə oyunda zədələnib

Futbol üzrə Fransa milli komandasının kapitanı, Madrid “Real”ının cinah hücumçusu Kilian Mbappe yenidən zədə alıb.

Arena.az xəbər verir ki, bu barədə Fransa millisinin baş məşqçisi Didye Deşam məlumat verib.

O, Mbappenin yenidən topuğundan zədə aldığını açıqlayıb. Bu, fransızların DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunda baş verib. “Real”ın futbolçusu 83-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb:

“Bu, əvvəl zədələndiyi ayağıdır. İstirahət etdikcə ağrıları azalır. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti qiymətləndirəcəyik. Mbappe diskomfort yaşayır, bu yaxşı deyil”, – Deşam deyib.

Xatırladaq ki, oyundan əvvəlki məlumatlarda Mbappenin topuğunun təkrar əzilməsi səbəbindən Azərbaycanla oyunda iştirak etməyəcəyi ehtimal olunurdu. O, hətta oyundan öncə Fransa millisi ilə məşq etməmişdi. Buna baxmayaraq, Mbappe millimizlə görüşə start heyətdə başlayıb və hətta qol da vurub.

Son məlumatlara görə, Kilian Mbappe zədəsinə görə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək. Bu barədə AFP agentliyi komandanın məşqçilər heyətinə istinadən məlumat yayıb. Məlumata görə, Mbappe 13 oktyabrda baş tutacaq oyunu sağ topuq zədəsinə görə buraxacaq. Futbolçu eyni zədəni 4 oktyabrda İspaniya çempionatının 8-ci turunda “Vilyarreal”a qarşı matçda da almışdı.

Xəbəri istədiklərinizlə paylaşın