Fransa yığması və PSJ-nin ulduzu Kilian Mbappe Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu açıqlayıb.
Arena.az “Eurosport” dərgisinə istinadən, fransalı hücumçunun bu barədə fikirlərini təqdim edir:
“Mənim həmişə oxşar iddialarım olub, axı Parisdəki Olimpiada mənim üçün xüsusidir. Mən həmişə orada olmaq istədiyimi demişəm, amma bu, məndən asılı deyil. Mənim iddialarım dəyişməyib. Qərar hələ də həmin şəxsə məxsusdur.
Oraya getsəm, arzum gerçəkləşəcək. Əgər bu, baş verməsə, mən bunu qəbul edəcək və mənə deyilənləri edəcəyəm”, deyə Mbappe bildirib.
Xatırladaq ki, Fransanın gənclərdən ibarət yığmasının baş məşqçisi Tyerri Anrinin Olimpiya Oyunlarına yaşı 23-dən yuxarı olan üç futbolçunu – Kilian Mbappeni, Madrd “Atletiko”sunun mərkəz hücumçusu Antuan Qrizmanı və “Milan”ın mərkəz hücumçusu Olivye Jirunu daxil etməyi nəzərdə tutub.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 38 qol vurub, 8 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 297 oyun, 250 qol, 106 məhsuldar ötürmə.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib, 46 qol vurub və 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.