Kilian Mbappe PSJ-də bu səbəbdən qalmaq istəmir

PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe PSJ-də oynamaqla futbol zirvələrni fəth edə bilməyəcəyini anlayır.

Arena.az bu barədə “El Debate” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ulduz futbolçu hesab edir ki, son illərdə Çempionlar Liqasında mütəmadi olaraq uğursuzluğa düçar olan və eyni zamanda Avropanın ən güclü çempionatını təmsil etməyən bir klubda çıxışı, onun “Qızıl top” və FIFA-nın “The Best” mükafatına əsas namizəd olması yolunda əngəldir. Belə gedişlə isə Mbappe futbolda uğurlar qazanacağına əmin deyil.

Mənbənin məlumatına görə, ulduz hücumçu daha görkəmli bir kluba keçmək zərurətini tam dərk edib. Mbappe “Real”a keçidi özü üçün ən üstün seçim hesab edir.

Həmçinin vurğulanır ki, Mbappe iki il əvvəl “kral klubu”nun düşərgəsinə keçməkdən imtina edərkən səhvə yol verdiyini anlayır. O vaxt Mbappe ona PSJ-nin təklif etdiyi idman layihəsini seçməyi məsləhət görmüş, agenti olan anası Fayza Lamariyə etibar etmişdi. Bununla əlaqədar olaraq, Mbappe gələcək karyerasını planlaşdırarkən əməkhaqqının onun üçün əsas amil olmadığını anasına artıq çatdırıb.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 29 qol vurub, 7 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.