Kilian Mbappe PSJ-də pentatrikə imza atan ilk futbolçuya çevrildi

Fransa Kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutan “Pei de Kassel” ilə oyun PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Arena.az xəbər verir ki, fransalı futbolçu bu qarşılaşmada 5 qola imza atıb.

29, 34, 40, 56 və 79-cu dəqiqələrdə fərqlənən 24 yaşlı forvard PSJ-də pentatrikə imza atan ilk oyunçu kimi tarixə düşüb.

Ona qədər heç bir futbolçu Paris təmsilçisinin heyətində bir oyunda bu qədər qol vurmağa nail olmamışdı. PSJ ölkənin 6-cı divizionunda çıxış edən “Pei de Kassel” komandası ilə qarşılaşmadan bütövlükdə 7:0 hesablı qələbə ilə ayrılıb. Komandanın digər qollarını 33-cü dəqiqədə Neymar, 64-cü dəqiqədə isə Karlos Soler vurublar.

Bu qələbə sayəsində PSJ Fransa kubokunda 1/8 finala vəsiqə qazanıb. Bu komandanın növbəti mərhələdəki rəqibi Marsel “Olimpik”i olacaq.

Xatırladaq ki, Kilian Mbappe bu mövsüm PSJ-də bütün turnirləri nəzərə alsaq, 24 matça çıxıb. O, bu matçlarda 25 qol vurub, 5 məhsuldar ötürmə edib. Ulduz futbolçu Liqa 1-də də bu mövsüm vurduğu 13 qolla hələlik ən məhsuldar futbolçudur.

PSJ də Liqa 1-də 47 xalla vahid liderdir. Komanda ölkə çempionatının növbəti turunda “Reyms”i qəbul edəcək.