Kilian Mbappe “Real”a keçir: qazancı və üstəliyi də məlumdur

PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe karyerasını İspaniya nəhəngi “Real”ın heyətində davam etdirəcək.

Arena.az bu barədə itaylan jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.

Mbappenin İspaniya klubu ilə əməkdaşlığı artıq razılaşdırılıb. Müqavilə cari mövsümün sonunda – iyulun 1-də qüvvəyə minəcək. Transfer də elə, o zaman rəsmən bəyan ediləcək. Hazırda bunun nə üçün indidən açıqlanmamasına gəlincə, bu, peşəkar məqama dayanır. Belə ki, Mbappe rəsmən Fransa nəhəngi PSJ-nin futbolçusudur. Hər iki klub UEFA Çempionlar Liqasında çıxış edir və yarış çərçivəsində mümkün qarşılaşma ehtimalları var. Odur ki, ulduz futbolçunun keçidinin indidən rəsmən bəyan edilməsi peşəkar mövqedən yolverilməzdir.

Həmçinin vurğulanır ki, Mbappe “Real”a məhz azad agent qismində yollanacaq. Ulduz futbolçu PSJ-yə maddi zərər verməmək üçün Fransa klubundakı bütün pul mükafatlarından və üstəliklərindən də artıq imtima edib. Hazırda Mbappenin “Real”la maliyyə təfərrüatı razılaşdırılır.

Bildirilir ki, Mbappe “Real”la razılaşma müqabilində sima (şəkil) hüququ və həmçinin böyük məbləğdə imza üstəliyi alacaq. Müqaviləyə əsasən fransalı ulduz “Real” digər iki ulduzu – braziliyalı sol vinger Vinisius Junior və ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemin qazanclarına bərabər sabit maaş alacaq.

Hazırda həm “Real”, həm də PSJ-dən Mbappe qarşısında qoyulmuş yeganə tələblər “Real”a keçid haqda diplomatik qaydada susmaq və PSJ-də işini peşəkarcasına davam etdirməkdir. Buna da fransalı ulduz göründüyü kimi, əməl edir.
Ötən həftəsonunu Barselonada keçirmiş Mbappe Fransaya qayıtmaq üçün hava limanına gələndə azarkeşlər tərəfindən yaxalanıb. Mbappe “Real”la müqaviləsi ilə bağlı suallara məhəl qoymadan, səssizcə imzalarını paylayıb, arzu edənlərlə şəkil çəkdirib və Parisə qayıdıb.

Mbappenin 6 illik PSJ macərası başa çatır

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.