Kilian Mbappe “Real”da ilk qolunu və ilk qənimətini şərh etdi

UEFA Super Kuboku uğrunda “Atalanta”ya qarşı oyun (2:0) “Real”ın yeni transferi, fransalı hücumçu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Mbappe “qaymaqlılar”ın heyətində debüt oyunundaca qol vurub və “Real”la ilk qənimətini qazanıb.

Mbappe “Atalanta” ilə oyunun 68-ci dəqiqəsində “Real”ın heyətində debüt qolu ilə fərqlənib. Bu qol Mbappenin iştirak etdiyi 12 final oyununda vurduğu 9-cu qol olaraq tarixə keçib.

Ulduz hücumçu “Real”ın heyətində ilk qolunu şərh edib: “Əlbəttə, çox şadam ki, mənim kimi bir hücumçunun qolu ilk oyunumdaca həlledici oldu, amma daha da önəmlisi, oynamağın mənim üçün xoş olması idi. Əla axşamdır. Mən çoxdandır ki, bu köynəkdə, bu loqo ilə, bu azarkeşlər üçün oynamaq məqsədilə bu anın intizarında idim. Bu, mənim üçün əla məqamdır”.

Fransalı hücumçu “Real”ın heyətində mövsümə 50 qol vura bilib-bilməyəcəyi ilə bağlı sualı da cavablayıb:

“Biz “Real”dayıq, heç bir məhdudiyyətimiz də yoxdur, mənim heç bir məhdudiyyətim yoxdur. Əgər 50 qol vura bilsəm, bu, 50 də olacaq. Amma ən vacibi komanda olaraq qalib gəlmək və tərəqqi etməkdir, çünki biz komanda olaraq qalib gələcəyik”, deyə Mbappe vurğulayıb.

“Real”la qazandığı ilk qənimətə – UEFA Super Kubokuna gəlincə, Mbappe bu barədə də fikrini bildirib:

“Bu, mənim üçün əla məqamdır. Bilirik ki, biz həmişə qalib gəlməliyik. Mən, həqiqətən, oyunun başlamasını səbirsizliklə gözləyirdim”.

Ançelotti və Peres Mbappenin debütü haqda

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti də fransalı ulduz hücumçunun debüt oyunu haqda fikrini bildirib:

“Mbappe çox yaxşı çıxış etdi. Komandaya yaxşı uyğunlaşdı. Vinisius Junior və Bellingem ilə yaxşı qarşılıqlı əlaqə qurdu. Əlbəttə, bizim çoxlu keyfiyyətlərimiz var, amma biz birlikdə oynamalıyıq, bunu isə biz bu axşam bacardıq”, – UEFA-nın rəsmi saytı Ançelottidən sitat gətirir.

“Real”ın prezidenti Florentino Peres də Mbappenin “qaymaqlılar”la debütü və ilk qəniməti haqda öz fikrini açıqlayıb:

“Kilian debütündən çox razıdır. Onun “Real”dakı başlanğıcı düzgün alındı. O, medal qazandığına şad idi. Onun bizimlə olmağı xoşladığı açıq-aydın görünür”.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Cari mövsümdə isə artıq məlum olduğu kimi, Mbappe “Real” heyətində 1 oyun keçirib və 1 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri istədiklərinizlə paylaşın