“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın heyətində qazandığı ikinci qəniməti ilə bağlı fikrini bildirib.
Arena.az xatırladır ki, fransalı ulduz FIFA Qitələrarası Kubokun final oyununda (3:0) qazandığı qələbəni şərh edib:
“Qitələrarası Kubok Madridə qayıtdı. Mövsümün ikinci qəniməti. Bu dəfə mən “Lusail” stadionunda qalib gəldim”, – Mbappe özünün sosial şəbəkə hesablarından biri üzərindən paylaşıb.
Xatırladaq ki, bu, Mbappenin “Real”la ikinci qənimətidir. Buna qədər fransalı ulduz “qaymaqlılar”la UEFA Super Kubokunun qalibi olmuşdu.
Mbappe Beyl və Asensionun uğurunu təkrarladı
Mbappe bu oyunda qol və məhsuldar ötürmə ilə fərləqnib. Bununla da fransalı ulduz hücumçu son 10 ildə “Real” üçün ilk iki finalda qol vurmuş üçüncü oyunçu olub. Əvvəllər bu nailiyyəti uelsli cinah hücumçusu Qaret Beyl (2014) və ispan cinah hücumçusu Marko Asensio (2017) əldə ediblər.
Əlavə edək ki, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının final oyununda, dekabrın 18-də Fransa yığması Argentina yığmasına məğlub olmuşdu (əsas və əlavə vaxt 3:3, penaltilər silsiləsində 2:4). Maraqlıdır ki, Mbappenin FIFA Qitələrarası Kubokun finalında qələbəsi də eyni günə təsadüf edib.
Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 23 oyuna çıxıb, 13 qol vurub, 3 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.