PSJ-nin hücumçusu Kilian Mbappe klubu ilə müqaviləsini avtomatik surətdə daha bir il yeniləməyi nəzərdə tutan müvafiq bəndi aktivləşdirməyib.
Arena.az xəbər verir ki, bu haqda Fransanın məşhur “L’Equipe” dərgisi məlumat verib.
Hücumçu Paris klubu ilə müqaviləsini avtomatik surətdə daha bir mövsüm yeniləməyi nəzərdə tutan müvafiq bəndi qeyd etməməklə təəccübləndirib. Beləliklə Mbappenin müqaviləsi 2024-cü ilin İyun ayında başa çatır. Buna baxmayaraq, PSJ rəhbərliyi heç də təlaşa düşməyib. Məsələ burasındadır ki, parislilər ulduz hücumçusunu müqavilə müddətinin bitməsinə bir il qalmış satmaq niyyətində deyillər. Fransa nəhənginin rəhbərliyi hələ də həmin vaxta qədər Mbappenin fikrini dəyişəcəyinə ümid edir.
Əvvəllər Mbappenin PSJ ilə 2024/2025 mövsümünə qədər müqavilə bağlamaq imkanı olsa da, hücumçu bu imkanından imtina etmişdi.
24 yaşlı Mbappe cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 41 oyun keçirib və 40 qola imza atıb. Bununla yanaşı, Kilian 9 məhsuldar ötürmənin müəllifidir.
Xatırladaq ki, ötən il Mbappenin adı “Real”la hallansa da, hücumçu PSJ-də qalmağa üstünlük vermişdi.
Kilian Mbappe 2018-ci ilin iyul ayında “Monako”dan 180 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris təmsilçisinin heyətində indiyə qədər keçirdiyi 258 oyunda 211 qol vurmaqla yanaşı, 97 məhsuldar ötürmə müəllifi də olub. Mbappenin “Monako” karyerası isə 60 oyun, 27 qol və 16 asistdən ibarətdir. O, Fransa milli komandasında da 67 oyuna 38 qol vurub.