Kilian Mbappe ticarətini genişləndirdi, əmtəə nişanları aldı

PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe soyadını və qolu qeydetmə tərzini qeydiyyatdan keçirmək üçün müraciət edib.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hücumçu Avropa İttifaqında əmtəə nişanı qismində ərizələr verib. Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) sorğu fevralın 8-də Paris hüquq firması vasitəsilə təqdim edilib. Mbappe əvvəllər adı, ad və soyadının baş hərflərindən ibarət inisialı və ən məşhur sitatları da daxil olmaqla yeddi əmtəə nişanını qeydiyyatdan keçirib. Mbappenin ən məşhur sitatları “Moi tu m’parles pas d’age” (“Mənə yaş haqqında deməyin”) və “Le football il a changé” (“Futbol dəyişdi”) ifadləri də bu sıradadır.

Beləliklə, fransalı ulduz hər birinin yeddi ticarət nişanı olan Kristiano Ronaldo və Lionel Messini geridə qoyaraq, adına ən çox əmtəə nişanı qeydə alınmış futbolçu olub.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. O, bu kluba həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun yayda “Real”a keçməsi gözlənilir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.