Kilian Mbappe Yay Olimpiya Oyunlarında iştirak edəcək

PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Arena.az bu haqda “L’Équipe”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Mbappe Fransa olimpiya yığmasının heyətində mütləq yer alacaq. Qaydalara müvafiq olaraq, olimpiya futbol komandasının heyətinə cəlb edilmiş 23 oyunçudan 3-ü 23 yaşından yuxarı ola bilər.

Vurğulanır ki, Mbappe Olimpiadada qalib olmaq arzusundadır və bu işdə komandasına kömək etməyə hazırdır. Məlumatda həmçinin “Tottenhem”in qapıçısı Huqo Lyoris və “Mançester Yunayted”in müdafiəçisi Rafael Varanın da Fransa olimpiya yığmasında yer ala biləcəyi deyilir.

Daha əvvəl Mbappenin PSJ-yə rəsmi məktub göndərdiyi və məktubda heç bir halda Paris klubu ilə müqaviləni 2025-ci ilə qədər uzatmayacağını bildirdiyi haqda məlumat verilmişdi. Mbappenin PSJ ilə cari müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. Bu səbəbdən PSJ ulduz hücumçu ilə gələn mövsümün sonunda azad agent kimi havayı ayrılmaqdansa, Mbappeni yay transfer pəncərəsində satmağa üstünlük verir.

2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib və Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: